“Baku Business Factory” təşəbbüskarlıq mövzusunda biznes forum keçirəcək


Oktyabrın 10-da “Baku Business Factory”nin təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçirməyi planlaşdırırıq. Forumda dövlət rəsmiləri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, elm xadimləri və xarici ekspertlər iştirak edəcəklər.

Daha əvvəl qeyd etdiyim kimi, “Baku Business Factory”ni təsis edərkən əsas məqsədim gənc biznes təşəbbüskarlarına həm maddi-texniki dəstək göstərmək, həm də onlarda biznes vərdişlərinin formalaşdırılmasına şərait yaratmaq idi. Maddi-texniki dəstək yönündə artıq bir sıra addımlar atılıb, bir çox layihələr Kovörkinq Mərkəzində ofis və avadanlıqlarla təmin olunublar. Startap Laboratoriyasının işə başlaması ilə bu yöndə dəstək proqramları daha da genişlənir: gənc biznesmenlərimizi investisiya, mentorluq xidməti və digər proqramlarla da artıq dəstəkləməyə başlayırıq.

Gənc təşəbbüskarların biznes vərdişlərinə yiyələnməsi yönündə ilk addımımız oktyabr ayının 10-da keçirəcəyimiz biznes forum olacaq. Forumun əsas məqsədi yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır. Forumun əsas üstünlüyü burada həm biznesmenlərin, həm elm xadimlərinin, həm dövlət rəsmilərinin, həm də ekspertlərin bir yerə toplaşaraq öz təcrübələrini gənclərlə bölüşməsi olacaq. Bu baxımdan forumda iştirak edəcək hər bir şəxs yeni fikirlər eşitmək, fərqli yöndə baxışlarla tanış olmaq və uğurlu şəxslərin təcrübələrini öyrənmək kimi imkanlar əldə edə biləcəklər.